Məktəblilər arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ölkəmizdə multikultural dəyərlərin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ edilməsi məqsədi ilə ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın tolerantlıq ənənələrinin gələcək nəsillərə ötürülməsi və uşaqların mövzu ilə bağlı maraqlı fikir və düşüncələrini öz rəsmlərində əks etdirmələrinə şərait yaratmaq məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.  Məktəblilər arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsi keçirilsin.

2.  Müsabiqənin Əsasnaməsi, Təşkilat komitəsi və Münsiflər heyətinin  tərkibləri təsdiq edilsin (əlavə olunur).

3.  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı və Gəncə Şəhər Təhsil idarələrinin, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, Nazirliyin bilavasitə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin direktorları müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün müvafiq tədbirlər həyata keçirsinlər.

4. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqənin keçirilməsi ilə bağlı lazımi təşkilati işləri həyata keçirsin və bununla bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

5. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin keçirilməsi ilə əlaqədar mail, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

Əsas: Fəaliyyət planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin 8 aprel 2016-cı il tarixli 194 nömrəli əmri.

 

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

17 may 2016-cı il

№285


 

Əlavə:

Məktəblilər arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin Əsasnaməsi

Məktəblilər arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin Təşkilat komitəsi

Məktəblilər arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin Münsiflər heyəti