13.04.2026

Övladı birinci sinifə gedəcək valideynlərin nəzərinə!

Sumqayıt şəhərində 2026–2027-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunacaq.
Şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan bir sıra məktəblərdə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Eyni zamanda şagirdlərin məktəblərə qəbulu zamanı valideynlərindən biri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar prioritet kimi nəzərə alınacaqdır.
Qeyd edək ki, Abşeron rayonu üzrə dislokasiya (ərazi prinsipi) tətbiq olunmur, yalnız digər iki prioritet meyar — valideynlərdən birinin həmin məktəbdə işləməsi və uşağın bacı və ya qardaşının həmin məktəbdə təhsil alması əsas götürüləcəkdir.
Müvafiq ərazidə daimi qeydiyyatı olmayan valideynlər şagird sıxlığı olmayan məktəblərə, eləcə də müəyyən edilmiş müddətdən sonra prioritet tətbiq edilən məktəblərdə boş qalan yerlərə sərbəst qaydada sorğu yerləşdirə bilərlər.
Qeyd edək ki, I sinfə qəbulla bağlı mikroərazilər məktəblərin yerləşdiyi dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər 17 fevral – 15 aprel 2026-cı il tarixlərində Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər.
Əlavə sualı olan vətəndaşlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-0-1) zəng edə və ya info@sumgayit.edu.gov.az elektron poçt ünvanına yaza bilərlər.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qeydiyyat prosesi www.mektebeqebul.edu.az⁠� elektron portalı vasitəsilə aparılır.

 

Prioritet tətbiq olunan məktəblərin siyahısı:   

 

https://drive.google.com/file/d/1InOChiUwEuM6Ovb9EHtNBJ4ZLk5kGiTE/view?usp=drive_link