16.11.2024

Eksternat qaydasında attestat almaq istəyənlərin nəzərinə!

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslərin eksternat qaydasında aralıq imtahanda iştirakı üçün sənəd qəbuluna başlanılır. Sənədlərin qəbulu prosesi 06 dekabr 2024-cü il tarixədək davam edəcəkdir. Eksternat qaydasında imtahanlar əvvəlki illərdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə şamil olunur. İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında imtahanlarda iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti;

3. Ümumi orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında imtahanlarda iştirak üçün (9-cu sinif üzrə) müraciət etdiyi halda təhsil müəssisəsindən neçənci sinfi bitirməsinə dair arayış;

4. Hərbi xidmət haqqında sənədin surəti;

5. Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olmayan ümumi təhsil müəssisələrini bitirənlər yaşayış yerindən arayış;

6. Abşeron-Xızı Regional Təhsil İdarəsi müdirinin adına ünvanlanmış ərizə

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanında iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.

Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanda uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd ( attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd: Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat olmaq üçün müraciət edən şəxsin yaşı 18-dən aşağı olmamalıdır.

Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə eksternat qaydasında imtahanlarda iştirak barədə müraciət qəbul olunmayacaqdır.

İmtahanın keçiriləcəyi yer və tarix barədə daha sonra məlumat veriləcəkdir.

 


Açar sözlər: ,