23.06.2022

Şagird sayı 500-dək olan məktəblərə vakant direktor vəzifəsinə sənəd qəbulu üçün elan

Abşeron-Xızı Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üçün müsabiqə elan edir.

Seçim prosesi cari ilin iyul ayının 15-dək davam edəcək.

 

Direktor olmaq istəyən namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj

- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.

 

Üstünlük veriləcək namizədlər:

- müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

- 2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

 

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

 

Namizədlər tələb olunan sənədləri 24 - 30 iyun tarixlərində Abşeron - Xızı Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.

 

Şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə yalnız müsahibə təşkil ediləcək.

Şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlər isə əvvəlcə test imtahanında iştirak edəcək, uğur qazanan namizədlərlə ikinci mərhələdə müsahibə keçiriləcək.

 

Qeyd edək ki, test imtahanı 4 iyul tarixində həyata keçiriləcək.

 

2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış (24 baldan yuxarı nəticə göstərmiş şəxslər) lakin müsahibədə iştirak etməmiş namizədlər ilkin mərhələ olan test imtahanından azaddırlar, onlar birbaşa müsahibə mərhələsinə dəvət olunacaqlar.

 

Namizədlər müsahibə mərhələsində aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəklər:

- vəzifə üzrə nəzəri biliklər;

- idarəetmə bacarıqları;

- şəxsi keyfiyyətlər.

 

Müsahibə zamanı namizəd hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3-dür.

 

Keçidə daxil olaraq vakant məktəblərin siyahısı ilə tanış ola bilərsiniz.

 

             VAKANSİYA