02.09.2019

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə

2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrini rəbər tutaraq

 

ƏMR EDİRƏM:

 

  1. Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 2018-ci il 14 avqust tarixli, F-550 nömrəli əmrində, “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 15 yanvar tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planındakı hədəflərin yerinə yetirilməsi sahəsində ümumi təhsil müəssisələri tərəfindən müəyyən işlərin görüldüyü, bir sıra əməli tədbirlərin həyata keçirildiyi qeyd edilsin. Təhsil Nazirliyi tərəfindən 2018-2019-cu tədris ilində şəhər Təhsil Şöbəsinin gördüyü işlər haqqında hesabatının müsbət qiymətləndirildiyi nəzərə alınsın.
  2. Təhsil  müəssisələrində icra və məsuliyyət mədəniyyətinin müasir dövrün tələblərinə uyğun formalaşmasına müsbət təsir etdiyi üçün müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsi vəziyyətinin öyrənilib qiymətləndirilməsi ilə bağlı qrafik əsasında müəssisə rəhbərlərinin hesabatları dinlənilsin.
  3. Nazirliyin adıgedən həmin əmrləri ilə müəyyən olunmuş hədəflər məzmun və mahiyyət baxımından ümumi təhsil sahəsində bilavasitə aktual problemlərin həllinə yönəldiyi və geniş miqyaslı xarakter daşıdığı üçün onların yerinə yetirilməsi istiqamətində əməli tədbirlər 2019-2020-ci dərs ilində də davam etdirilsin.
  4. Təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, dinlənilmiş hesabatların və fərdi qaydada aparılmış təhlillərin nəticələri əsasında verilmiş tövsiyələri, eləcə də bu əmrdə göstərilmiş bəndləri nəzərə alaraq yeni dərs ili üçün təkmilləşdirilmiş Fəaliyyət Planı təsdiq edib yerinə yetirilməsini ciddi nəzarətdə saxlasınlar:

 4.1. Dərs ili ərəfəsində ərazilər üzrə əqli və fiziki cəhətdən sağlam məktəbyaşlı uşaqlarla yanaşı, xüsusi təhsilə cəlb olunası uşaqların da müəyyənləşdirilməsi və onların adlı siyahısının tərtib edilməsi;

 4.2. İbtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının səviyyəsinin öyrənilib müzakirə edilməsi və nəticələrdən asılı olaraq, sinif müəllimlərinin fəaliyyətinin qiymətləndirilməsi barədə müvafiq təkliflərin hazırlanması;

 4.3. Ümumtəhsil məktəblərində xarici dillərin tədrisi ilə bağlı mövcud vəziyyətin araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, xüsusilə də, IV, IX və XI siniflərdə şagirdlərin xarici dil bacarıqlarının proqram tələblərinə uyğunluğunun, eləcə də fənn müəllimlərinin elmi-nəzəri və metodiki cəhətdən peşəkarlıq səviyyəsinin qiymətləndirilməsini əhatə edən hesabatın hazırlanması;

4.4. “İnformatika” fənninin maddi-texniki və tədris bazasının və pedaqoji kadr heyətinin, şagirdlərin İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin hazırkı durumunun təhlil edilməsi və müzakirə olunaraq əməli təkliflərin müəyyənləşdirilməsi;

 4.5. Dərs ilinin birinci yarımilinin sonunda V və VI sinif şagirdlərinin tədris dili, xarici dil və riyaziyyat fənləri üzrə bilik və bacarıqlarının monitorinqinin aparılması, nəticələrə görə ibtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də bu fənlərdən zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması ilə bağlı davamlı tədbirləri əhatə edən səmərəli iş sisteminin yaradılması;

4.6. Təlim-tərbiyə prosesində diaqnostik və formativ qiymətləndirmənin imkanlarından səmərəli istifadə sahəsində müəllimlərin səriştəliliyinin artırılması üçün öyrədici və təşkilati-metodik tədbirlərin (seminar, dəyirmi masa, təqdimatlar və s) keçirilməsi, bu sahədə fərqlənən müəllimlərin təcrübəsinin təbliğ edilməsi.

4.7. Məktəblərdə diaqnostik qiymətləndirmənin nəticələri əsasında “İstedadlılarımızı tanıyaq” layihəsinin keçirilməsi və hər bir uşaqda mövcud olan istedad potensialının üzə çıxarılması, qiymətləndirilməsi və davamlı inkişafına şərait yaradılması;

4.8. Şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin (bədii əsərlərin təhlili əsasında müstəqil rəy və mülahizələri əhatə edən referatların hazırlanması, fiziki, kimyəvi və bioloji hadisələr üzrə təcrübələrin aparılması və nəticələrin ümumiləşdirilməsi, bölgənin təbiətinin, tarixi-mədəni abidələrinin öyrənilməsi və dəyərləndirilməsi və s.) həyata keçirilməsi.

 4.9. Şagirdlərin tibbi müayinədən və icbari dispanzerizasiyadan keçirilməsinə müntəzəm nəzarət edilməsi;

4.10. Psixoloji, hissi-emosional vəziyyətinə görə, risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi, onların hər biri üçün fərdi pedaqoji-psixoloji bərpa planının hazırlanıb valideynlərin iştirakı ilə həyata keçirilməsi;

 4.11. Məktəblərdə valideynlər üçün uşaqların yaş, psixoloji və fizioloji xüsusiyyətlərinə dair maarifləndirmə tədbirlərinin təşkili, valideynlərin məktəb həyatında, övladlarının təlim- tərbiyəsində yaxından iştirakının təmin edilməsi və məktəb-icma münasibətlərinin inkişaf etdirilməsi.

 4.12. Ümumi təhsillə bağlı dövlət sənədlərinin, hüquqi normativ aktların, Təhsil Nazirliyinin kollegiya qərarları, əmr və sərəncamlarında irəli sürülən vəzifələrin təhsil şöbələrinin (idarələrin) əməkdaşları, ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri tərəfindən hərtərəfli öyrənilməsinin təmin edilməsi.

5. Ümumtəhsil məktəblərində 2019-2020-ci dərs ilinin ilk məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunsun.

 6. Ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki:

6.1. Bu əmrin məqsəd və mahiyyətini məktəb pedaqoji şura iclaslarında pedaqoji kollektivlərə çatdırılmasını və müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü iş mexanizmi yaradılmasını təmin etsinlər;

 6.2. Müvafiq mövzular üzrə ilk dərs məşğələlərinin səmərəli keçirilməsi üçün zəruri təşkilati işləri vaxtında başa çatdırsınlar və bu dərslərdə ictimaiyyətin nümayəndələrinin, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakını nəzərdə tutsunlar;

6.3. Əmrin icrası ilə əlaqədar 2019-cu ilin dekabr, 2020-ci ilin may ayında təsdiqedici sənədlər əlavə olunmaqla  metodik kabinetinə arayış göndərsinlər.

 7. Əmr “Sumqayıt təhsili-Sabah” dərc olunaraq təhsil müəssisələrinə çatdırılsın və ŞTŞ-nin internet saytında yerləşdirilsin (K.Nazmazov, F.Alimova).

 8.Əmrin icrasına nəzarət metodik kabinetin direktoru Gülbahar Haqverdiyevaya həvalə olunsun.

 

 

Arzu Alızadə

Təhsil Şöbəsinin müdiri

2 sentyabr 2019-cu il

№78 §2