Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin qaliblərinə Elm və Təhsil Nazirliyinin diplomları və hədiyyələri təqdim edilmişdir.
Festivalda tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri, rəsmi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, festival-müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, həmçinin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.
Layihədə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (uşaq musiqi və uşaq incəsənət məktəbləri istisna olmaqla) 6-17 yaş arası istedadlı şagirdləri üç yaş qrupunda (6-10 yaş, 11-14 yaş və 15-17 yaş) iştirak ediblər. 4 istiqamət üzrə keçirilən festival-müsabiqə çərçivəsində incəsənətin və yaradıcılığın müxtəlif janr və növləri üzrə fəaliyyət göstərən kollektivlər, dərnək və studiyalar, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətin müxtəlif növləri üzrə məşğul olan istedadlı uşaqlar öz istedadlarını nümayiş etdiriblər.
Festival-müsabiqə 3 mərhələdə (rayon (şəhər), zona, final) keçirilib.