04.06.2019

Məktəb üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş, medala namizəd şagirdlər barədə məlumatlar

        Məktəb direktorlarının nəzərinə!

    Rəhbərlik etdiyiniz məktəb üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş, medala namizəd şagirdlər barədə məlumatları Sizə göndərilən cədvələ doldurub 10 iyun 2019-cu il saat 15:00-dək Microsoft Excel formatda gunel.z.shems@gmail.com mail ünvanına göndərməyiniz xahiş olunur.

    Eyni zamanda doldurulmuş cədvəl (kağız formada) hər bir şagirdlə bağlı aşağıda qeyd olunan təsdiqedici sənədlər əlavə olunmaqla həmin tarixə kimi rəsmi məktubla Təhsil Şöbəsinə göndərilməlidir:    

-      şagirdin medalla təltifə namizədliyi barədə Pedaqoji Şuranın qərarından çıxarış; 

-      şagirdin şəxsiyyət vəsiqəsinin surəti;

-      ümumi orta təhsil haqqında şəhadətnaməsinin surəti;

-      X və XI sinif üzrə illik qiymətlərin, buraxılış imtahan nəticələrinin, attestata yazılacaq yekun qiymətlərin qeyd olunduğu “Şagird-məzun” sistemindən çıxarışlar;

-      ali məktəbə qəbul imtahanında topladığı balı təsdiq edən DİM-in saytından çıxarış;  

-      şagirdin hər hansı olimpiada, müsabiqə və yarışda qalib olduğunu təsdiq edən diplom və ya sertifikatın surəti.

    Hər hansı məlumat DİM tərəfindən hələ də sistemdə qeyd olunmayıbsa, həmin məlumatı sistemə yerləşdirildikdən dərhal sonra çap edib Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Günel Zeynalovaya göndərməyiniz xahiş olunur.

    Qeyd: Təsdiqedici sənədləri maillə yox, hər bir sənədi çap edərək kağız formada göndərmək lazımdır.

    Medala namizəd şagirdlər müəyyənləşdirilərkən cədvəldə qeyd olunmuş parametrlərə uyğun gəlməsinə, xüsusilə, aşağıdakı məqamlara diqqət yetirilməsi xahiş olunur:

    1. Namizəd şagirdlərin ad, soyad və atasının adı şəxsiyyətini təsdiq edən sənədinə uyğun şəkildə dəqiq yazılmalıdır.

    2. Şagirdlərin ümumi orta təhsil haqqında şəhadətnaməsində “5” qiymətlərin faizi 75%-dən yuxarı olmalı, “3” qiyməti isə ümumiyyətlə olmamalıdır.

    3. Şagirdlərin X-XI siniflər üzrə bütün fənlərdən illik qiymətləri “əla” olmalıdır. X və XI sinifdə istənilən bir fəndən şagirdin illik qiyməti “4” olarsa, həmin şagird medala namizəd göstərilməməlidir.

    4. Şagirdlərin fənn olimpiadalarının yalnız yekun – respublika turunda I-III yerlərdən (qızıl, gümüş və bürünc medallardan) birinə layiq görülməsi nəzərə alınır və cədvələ də olimpiadanın yalnız respublika turu barədə məlumat daxil edilməlidir. Olimpiadanın rayon və zona mərhələsində iştirakçı və ya qalib olmuş, lakin respublika turunda medal qazanmamış şagirdləri digər hər hansı müvafiq müsabiqədə mükafatı yoxdursa, siyahıya daxil etməməyiniz xahiş olunur.

    5. Respublika və ya beynəlxalq səviyyədə keçirilən digər müsabiqə və yarışlarda yalnız I-III yerlərdən və ya qızıl, gümüş, bürünc medallardan birinə layiq görülmüş şagirdləri namizədlər sırasına daxil etmək olar.

    Hər hansı müsabiqədə iştirakçı olmaq və ya həvəsləndirici (IV) yerə layiq görülmək, online şəkildə keçirilən müsabiqələrin, intellektual oyunların, TV proqramların  nəticələri medalla təltif zamanı nəzərə alınmır.
    Medala namizəd şagirdiniz yoxdursa, bu barədə məktub yazaraq Təhsil Şöbəsinə (Günel Zeynalovaya) göndərin.

    Forma: http://sumgayit.edu.gov.az/Medaluzre/forma.xlsx