Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi, onlarla işləyəcək pedaqoji kollektivin müəyyənləşdirilməsi, müəllimləri müxtəlif layihələrə cəlb etməklə onların pedaqoji və akademik bacarıqlarının inkişafının təmin edilməsi məqsədi ilə “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə elan edir.
Müsabiqə 15 dekabr 2018-ci il tarixində saat 10:00-da Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyindəkeçiriləcək. Müsabiqənin beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika fənni üzrə keçirilməsi planlaşdırılır. İştirakçılara 3 saat ərzində kağız formatda 20-25 qapalı tipli test tapşırığı (ixtisas fənnindən və çətinliyi artırılmış olimpiada tipli suallar) təqdim olunmaqla onların biliyi qiymətləndiriləcək.
Müsabiqədə iştirak etmək üçün məktəb rəhbərliyinə müraciət etmək lazımdır. Məktəb rəhbərliyi öz növbəsində iştirakçıların siyahısını müvafiq Rayon (şəhər) təhsil şöbələrinə (idarələri) göndərməlidirlər.
Müsabiqənin ümumi mükafat fondu 15.000 manatdır. Hər bir fənn üzrə I yerin sahibinə – 1500 manat, II yerin sahibinə - 1000 manat və III yerin sahibinə - 500 manat olmaqla pul mükafatı veriləcək.
QEYD:
1. Qeydiyyat online həyata keçirilmir;
2. İmtahan 1 mərhələdən ibarət olacaq;
3. Kurikulumdan sual olmayacaq. (Çətinliyi artırılmış olimpiada tipli suallar);
4. Müsabiqə 1 mərhələdən ibarət olduğu üçün keçid balı yoxdur.