04.12.2024

"Uğur körpüsü" layihəsi çərçivəsində əməkdaşlıq uğurla davam edir


3 dekabr 2024-cü il tarixində Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin pedaqoji heyətinin bir qrup üzvü Xızı şəhər R. İsmayılov adına tam orta məktəb, Sitalçay 1 nömrəli tam orta məktəb, Sitalçay kənd tam orta məktəb və Ağdərə kənd tam orta məktəbinə səfər etmişdir. Səfər "Uğur körpüsü" layihəsi çərçivəsində həyata keçirilmişdir.

Səfər zamanı 9-cu siniflərdə Azərbaycan dili, ingilis dili və riyaziyyat fənlərini əhatə edən monitorinq təşkil olunmuşdur. Monitorinq prosesində şagirdlərin bilik səviyyəsi qiymətləndirilmiş və dərs keyfiyyətinin artırılmasına yönəlmiş təhlillər aparılmışdır.

Həmçinin, məktəblərdə həmin fənləri tədris edən müəllimlər və valideynlərlə dəyirmi masa görüşləri keçirilmişdir. Görüşlər zamanı tədris prosesinin təkmilləşdirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində geniş müzakirələr aparılmışdır.

Səfərin digər əhəmiyyətli hissəsi isə müəllimlər arasında pedaqoji təcrübə mübadiləsi olmuşdur. Görüşlər zamanı müxtəlif üsul və metodlar müzakirə edilmiş, iştirakçı müəllimlərə faydalı tövsiyələr verilmişdir.

Sonda Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin müəllim heyəti şagirdlərin istifadəsi üçün məktəb kitabxanasına müxtəlif fənləri əhatə edən əlavə dərs vəsaitləri və kitablar bağışlamışdır.

Bu layihə çərçivəsində təşkil olunan əməkdaşlıq və mübadilələr, təhsil sahəsində qarşılıqlı dəstəyin və resursların paylaşılmasının vacibliyini bir daha vurğuladı. "Uğur körpüsü" layihəsi gələcəkdə də təhsil müəssisələri arasında möhkəm əlaqələrin qurulmasına töhfə verməyə davam edəcəkdir.


Açar sözlər: ,