28.09.2023

Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri

28 sentyabr 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhər və Abşeron, Xızı rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbər heyəti üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri keçirilib.

Tədbirdə Elm və Təhsil və Fövqəladə Hallar nazirliklərinin rəsmi nümayəndələri, qeyd olunan şəhər və rayonlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları və digər qonaqlar iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramin Abasov layihənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Müdir müavini qeyd edib ki, təhsilalanların və təhsilverənlərin yarana biləcək fövqəladə hallara daim hazır olması, bu vəziyyətlərdə davranış qaydalarına dair vərdiş və biliklərə yiyələnməsi vacibdir.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövşən Ağayev və Əhliyət Adıgözəlov gündəlikdə duran məsələlərin müəllim və şagirdlərə çatdırılması yollarını ətraflı izah etmişlər. Bununla əlaqədar ayrı-ayrı fənlərin tədrisi, dərsdənkənar məşğələlərin təşkili, sinif təşkilat saatları, sinif valideyn iclaslarında məsələnin xüsusilə vurğulanması tövsiyə edilmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Sumqayıt Regional Mərkəzinin rəisi Vaqif Fətullayev tərəfindən suda batma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, maarifləndirici videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd suda boğulma, yanğın, dəm qazı və digər fövqəladə hallar zamanı davranış qaydalarına söykənən bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarət olub.

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.


Açar sözlər: