Yeni təyin olunan məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılarla seminar-görüş təşkil edilib
Görüşdə Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, müdir müavinləri, sektor müdirləri və digər əməkdaşlar iştirak ediblər. Əməkdaşlar ictimaiyyətlə əlaqələr işinin səmərəli təşkili və vahid informasiya mübadiləsinin təmin olunması, illik hesabatların hazırlanma mexanizmləri və məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, xüsusi hallar, hüquqi tənzimləmə, təhsil müəssisələrində təsərrüfat, təminat və təchizat işinin təşkili, vətəndaş məmnunluğu, kargüzarlıq və sənədlərlə iş mövzularında təqdimatlarla çıxış ediblər.
Seminar-görüşdə, həmçinin Prezident İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışılıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb.
Daha sonra yeni təyin olunan məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılara müvafiq məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.