Sentyabrın 12-də Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə də təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron, Sumqayıt və Xızı üzrə təhsil işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən sektor müdiri Anar Mirzəzadə ötən tədris ilində baş verən və yadda qalan mühüm struktur dəyişikliklərindən söz açıb. Anar Mirzəzadə təhsilverənlərin sertifikatlaşdırılması prosesini xüsusi vurğulayib və statistik göstəriciləri diqqətə çatdırıb. Sektor müdiri qeyd edilən region üzrə uğurlu təhsil ənənəsinin olduğunu vurğulayıb və yeni tədris ilində də bu ənənənin davam etdiriləcəyinə inandığını bildirib.
Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva hesabat məruzəsi ilə çıxış edib. İlhamə Abdullayeva ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və həllini gözləyən məsələlərdən bəhs edib.
Sonda konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.