Sentyabrın 14-də Abşeron rayonu Masazır kənd 6 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra tədbir iştirakçıları yeni tikilmiş məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.
Bildirilib ki, sözügedən məktəb 960 şagird yerlikdir. Yeni tikilən məktəbdə 40 sinif otağı ilə yanaşı fənn kabinetləri, informatika kabinetləri, laboratoriyalar, STEAM təlimləri üçün otaqlar, qızlar və oğlanlar üçün ayrı-ayrı emalatxanalar, icma əsaslı məktəbəqədər təhsil üçün otaq və digər yardımçı otaqlar var. Bundan əlavə, idman zalı, yeməkxana da fəaliyyət göstərir.