14.09.2022

Abşeron rayonu üzrə təhsil işçilərinin “Bilik” konfransı keçirilib

Sentyabrın 14-də Abşeron rayonu üzrə təhsil işçilərinin “Bilik” konfransı keçirilib.

Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin İlhamə Abdullayeva və region üzrə təhsil işçiləri iştirak ediblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov dövlətin təhsil sahəsinə olan diqqət və qayğısından, son illər yenilənən məktəb infrastrukturundan danışıb. Nazir müavini çıxışında ötən tədris ilində baş verən və yadda qalan mühüm struktur dəyişikliklərindən də söz açıb.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, yeni yüksək təchizatlı məktəblərin tikintisi, eyni zamanda ötən tədris ilində məzunların yüksək nəticə göstərməsi uğurlu təhsil siyasətinin nəticəsidir.

Tədbirin sonunda Abşeron rayonu üzrə ötən tədris ilində 650 baldan yuxarı nəticə göstərən məzunlara diplom və hədiyyələr təqdim edilib.

Sonda konfrans iştirakçıları və məzunlarla birgə xatirə fotosu çəkilib.


Açar sözlər: ,  ,