Yeni tədris ili üçün ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanı artıq yekunlaşıb və nəticələr elan olunub. Sumqayıt müəllimləri bu sınaqda yüksək göstəriciləri ilə seçiliblər.
Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Turanə Niftəliyeva 60 bal toplayan müəllimlər sırasında yer alıb. O, 10 ildir ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir: “Pedaqoji fəaliyyətimi 8 il Bakı şəhərində, son 2 ildə isə Sumqayıtda davam etdirirəm. Düşünürəm ki, sertifikasiya imtahanının keçirilməsi müəllimlər üçün vacibdir. Çünki biz müəllimlər hər zaman yeniliklərə açıq olmalı və öz üzərimizdə daim işləməliyik. Hər kəs kimi məsuliyyətdən irəli gələn həyəcan məndə də var idi. Məqsədim ən yüksək nəticə olan 60 balı toplamaq idi. Sualları gördükdən sonra əmin oldum ki, 60 balı toplamaq mümkünsüz deyil. Suallar öncədən bildirildiyi kimi, ibtidai təhsil səviyyəsində, çərçivə sənədinə uyğun idi. Hətta uğur qazanmağım üçün imtahana ayrılmış vaxtın yarısı kifayət etdi. Uğur qazanan hər bir həmkarımı təbrik edirəm. Sumqayıt müəllimlərinin kifayət qədər yüksək nəticə qazanması şəhərimizin təhsilinin gücünü bir daha sübut edir", - deyə T.Niftəliyeva bildirib.
Maksimum nəticə göstərən Günay Əhmədova isə Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində çalışır. 17 ildir ki, ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Deyir ki, imtahana hazırlaşarkən hədəfi 60 bal toplamaq olub. O, daha çox ixtisas fənləri deyil, kurikulum üzərində çalışdığını və sertifikasiya imtahanını uğurla keçdiyini söyləyib.
Sumqayıt şəhəri üzrə müəllimlərin sertifikasiyası imtahanından 60 bal yığan müəllimlərdən biri də Şəfəq Məmmədovadır. 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olan Ş.Məmmədova qeyd edir ki, özü də orta təhsilini 4 nömrəli məktəbdə alıb və 1996-cı ildən elə həmin məktəbin ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir: "27 illik iş təcrübəm var və imtahana hazırlaşarkən hədəfim 60 bal yığmaq olub. İstəyimə nail oldum. Müəllim hər zaman öz üzərində çalışmalı, biliklərini artırmalıdır. Uğur qazanan hər bir müəllimi təbrik edirəm”.
azertag.az