15.08.2022

İT siniflərə qəbul imtahanı keçirilib

Avqustun 13-də Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində İT siniflərə qəbul imtahanında uğur qazana bilməyən şagirdlər üçün ikinci dəfə imtahan təşkil edilib. 90 dəqiqə müddətində davam edən imtahan "Alqoritmika" platformasında həyata keçirilib.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsinin informatika təmayüllü siniflərində oxuyan şagirdlər proqramlaşdırma dilləri üzrə praktiki bacarıqlar qazanmaq imkanı əldə edəcəklər. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə tədris ediləcək. Dərslərdə şagirdlərə Python, alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilməsi nəzərdə tutulub. Dərslər bu istiqamətlər üzrə təkmilləşdirilmiş təlim keçmiş müəllimlər tərəfindən keçiriləcək.

Cari tədris ilində respublikanın 4 şəhərində 11 məktəbin X siniflərində pilot IT siniflərinə start verilib. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir üzrə Azərbaycan və rus bölmələrindən olan 316 şagird IT siniflərdə təhsil alır.