Abşeron-Xızı Regional Təhsil İdarəsi və YAP Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə şəhid komandir, əfsanəvi kəşfiyyatçı, Murov Qartalı ləqəbli Polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.
Anım tədbirində Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, şəhid Polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin rəhbəri Sevinc Orucova, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri, İnsan resurslarının idarə edilməsi şöbəsinin rəisi Fidan Fərzəliyeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İşçiləri Həmkarlar İttifaqının sədri Rəşad Səfərov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Regional İnkişaf İctimai Birliyinin könüllüləri, Hərbi Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, Raquf Orucovun məzarı üzərinə tər gül dəstələri düzüblər. Sonra Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edilib və Hərbi Orkestrın ifasında Dövlət Himni səsləndirilib. Sumqayıt məktəbliləri şəhid Raquf Orucovun məzarı önündə ona həsr olunmuş şeirlər söyləyiblər. Müdafiə Nazirliyinin N saylı hissəsinin şəhid Raquf Orucovla uzun müddət çiyin-çiyinə xidmət edən Polkovniki Etibar Əhmədov onunla bağlı xatirələrini bölüşüb.
Tədbirin ikinci hissəsi YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında baş tutub. Tədbiri giriş nitqi ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov qeyd edib ki, Qarabağda Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Raquf Orucovun da ömür yolu hər birimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeylər öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda savaşmaq, şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Daha sonra şəhid polkovnik-leytenantın həyat yoldaşı çıxış edərək, Raquf Orucovla bağlı xatirələrini bölüşüb. Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirib.
Sonra şəhid komandirin həyatından bəhs edən “Ruhun həsrəti” filmi nümayiş edilib.
Tədbirdə çıxış edənlər şəhidin həyatından, keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Sonda RİİB könüllülərinə Raquf Orucovun döyüş yolundan bəhs edən “Komandir” romanı təqdim edilib.