23.05.2022

“Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib

Mayın 21-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib.

Yarışlar ayrı-ayrılıqda Sumqayıt şəhəri,  Abşeron və Xızı rayonları üzrə təşkil edilib.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, onların şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında Sumqayıt Regional Mərkəzinin Operativ reaksiya vermə və əməliyyat planlaşdırma idarəsinin rəisi polkovnik-leytenant Rafiq Həsənov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodkabinetinin metodisti Aslan Həziyev və digərləri çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Sumqayıt şəhəri üzrə 43 nömrəli tam orta məktəbinin komandası I yerin qalibi olub və “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyində iştirak etmək hüququ qazanıb.


Açar sözlər: ,  ,