02.04.2022

“III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı işə başlayıb

Aprelin 2-də “III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı öz işinə başlayıb.

Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi autizm sindromunun erkən aşkarlanması, müdaxiləsi üzrə xidmətlər, eləcə də autizmli şəxslərin ömürboyu təhsil və məşğulluğunun təmin olunmasında inklüziv və multidisiplinar yanaşmalara əsaslanan qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, eyni zamanda, ictimaiyyətin diqqətini bu şəxslərin problemlərinə yönəltmək, autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

Konfrans “bp Azərbaycan”, “Tekfen İnşaat", “Beauttech” və "EKVİTA" şirkətlərinin, Azərbaycan Otellər Assosiasiyası, "Fairmont Baku" ,"Marriott Baku Boulevard" otellərinin, “Ümid var” Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə keçirilir. 

Konfransın açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, autizmli uşaqlar üçün əsas və yeganə müalicə-ünsiyyət və təlimdir. Bundan əlavə, autizmli uşaqların ictimailəşdirilməsində vacib bir məqam inklüziv təhsil sisteminin qurulmasıdır. 

Nazir müavini bildirib ki, təhsil sisteminin vəzifəsi autistik spektr pozuntusu olan uşaqlar daxil olmaqla atipik inkişaf edən uşaqların imkanlarını və məhdudiyyətlərini nəzərə alaraq onların təlim və tərbiyəsini təşkil etməkdir. Ölkəmizdə 2021-2022-ci tədris ilində 933 nəfər autistik spektr pozuntusu olan uşaq xüsusi təhsil alır. Onlardan 42 nəfər pilot inklüziv siniflərdə, 165 nəfər inteqrasiya təlimli təhsil müəssisələrində, 294 nəfər xüsusi təhsil müəssisələrində və 432 nəfər isə evdə təhsilə cəlb olunub.

“2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” barədə danışan Firudin Qurbanov bildirib ki, proqramın əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.

Nazir müavini bildirib ki, hazırda inklüziv təhsilin ölkədə həyata keçirilməsi istiqamətində Təhsil Nazirliyi hökumət təşkilatları ilə, beynəlxalq fondlar və ictimai birliklərlə, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, təhsil pillələri üzrə inklüziv təhsilin sınaqdan keçirilməsi, müəllim hazırlığı istiqamətində müvafiq fəaliyyətlər həyata keçirir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və inkişafı sahəsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətlərini xüsusi vurğulayan nazir müavini əlavə edib ki, dünya təcrübəsi göstərir ki, yalnız birgə sistemli fəaliyyət nəticəsində, vahid kompleks tədbirlər vasitəsilə autizm xəstələrinin əlilliyini əhəmiyyətli dərəcədə azaltmaq olar. 

Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə görülən işlər barədə məlumat verib. 

Səhiyyə nazirinin müavini İlqar Qasımov çıxışında dövlətimizin xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərdiyi diqqətdən danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva qeyd edib ki, son 15 ildə nikah üzrə autizmlə doğulan körpələrin sayında təxminən 2,5 dəfə artım olub. Ölkəmizdə autizmlə bağlı mühüm işlər həyata keçirilir və müəyyən nəticələr əldə olunub. Əhalinin bu istiqamətdə məlumatlandırılmasında müsbət tendensiyalar müşahidə edilir.

Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova autizmli uşaqlara diqqət və qayğının daha da artırılmasının vacibliyini vurğulayıb. 

“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva bildirib ki, ABA Azərbaycan autizm spektr pozuntusu barədə çoxşaxəli və genişmiqyaslı maarifləndirmə işləri aparır. 

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova qeyd edib ki, dünyada hər 44 uşaqdan biri autizm spektr pozuntusu ilə doğulur. Buna görə də autizm bütün cəmiyyətimizin və dünyamızın əsas problemlərindən birinə çevrilməkdədir.

Konfranda videomüraciətlə çıxış edən autizm spektr pozuntu diaqnozlu professor Temple

Qrandin öz həyatı barədə danışıb, uşaqlıqda keçirdiyi çətinliklərdən, autizm barədə yazdığı məqalədən danışıb və həyat təcrübələrini bölüşüb.

Təhsil məsləhətçisi Peter Qrimes Azərbaycanda bütün uşaqlar üçün inklüziv təhsil yanaşması haqqında məlumat verib. 

Digər təhsil məsləhətçisi Marieke Stevens isə Azərbaycanda apardıqları iki tədqiqat barədə məlumat verib, statistik rəqəmləri diqqətə çatdırıb. Azərbaycanda məhdud imkanlara malik olan uşaqlara dəstək formalarını diqqətə çatdırıb. 

Çıxış edən Biruni Universiteti, BCBA-D, “BBA” şirkətinin icraçı direktoru Binyamin Birkan autizmli uşaqların ümumtəhsil məktəblərinə hazırlanmasında xüsusi təhsilin əhəmiyyəti və sistemli zəifləmə haqqında məlumat verib. 

Sonda “Let’s Make a Contract” kitabının təqdimatı və imzalanma mərasimi baş tutub.

Konfransa aprelin 3-də autizmli gənc pianoçu Əlisahib Bayramovun müşayiəti və incəsənət xadimlərinin iştirakı ilə keçiriləcək konsert proqramı ilə yekun vurulacaq.


Açar sözlər: