22.02.2022

Təhsil naziri Emin Əmrullayev Gürcüstanda növbəti görüşlər keçirib

Fevralın 22-də təhsil naziri Emin Əmrullayev Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. 

Görüş zamanı Emin Əmrullayev iki ölkə arasında digər sahələrdə olduğu kimi təhsil sahəsində də sıx əməkdaşlığın mövcud olduğunu bildirərək, bu əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edib. Həmçinin Azərbaycan və Gürcüstanda müvafiq olaraq gürcü və Azərbaycan dillərində tədrisin dəstəklənməsi, pedaqoji kadrların ixtisasartırmasına yönəlik birgə fəaliyyətin təşkili məsələləri müzakirə edilib.

Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti tədris Azərbaycan dilində aparılan Tbilisi şəhəri 73 nömrəli məktəbi, həmçinin Qardabani regionunda 3 nömrəli məktəbi ziyarət edib. Nümayəndə heyəti hər iki müəssisədə yaradılan şəraitlə tanış olub, məktəblərin müəllim-şagird heyəti ilə görüşüb. 

Emin Əmrullayev həmçinin Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze ilə də görüşüb. Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparıb.