2022-ci ildə Azərbaycan şagirdləri 3 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək.
Sözügedən qiymətləndirmə tədqiqatları aşağıdakılardır:
PISA 2022
Ölkəmizdə təhsil alan 15 yaşlı şagirdlər 2021-ci ildə sınaq mərhələsi baş tutmuş Beynəlxalq Şagird Qiymətləndirilməsi tədqiqatı – PISA 2022-nin (Programme for International Student Assessment) əsas mərhələsində iştirak edəcəklər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 3 ildən bir təşkil olunan tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. PISA 2022 tədqiqatında şagirdlərin oxu, riyaziyyat və elm sahələri ilə yanaşı, yaradıcı düşünmə ilə əlaqədar bilik və bacarıqları da qiymətləndiriləcək. Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatında 2018-ci ildə olduğu kimi kompüterəsaslı iştirak edəcək.
ICILS 2023
Ölkəmiz 2022-ci ildə 8-ci sinif şagirdlərinin kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı - ICILS 2023-ün (International Computer and Information Literacy Study) sınaq mərhələsində iştirak edəcək. Əsas mərhələsi 2023-cü ildə baş tutacaq tədqiqat ilk dəfə 2013-cü ildə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılıb. 5 ildən bir keçirilən qiymətləndirmə tədqiqatı şagirdlərin hesablama düşüncəsinin qiymətləndirilməsi ilə yanaşı, məktəbdə kompüterlərlə problemi həll etmə bacarıqlarını necə inkişaf etdirdikləri barədə məlumatlar toplamaq və beynəlxalq səviyyəli müqayisələr aparmaq üçün bir fürsətdir.
TIMSS 2023
2022-ci ildə ölkəmizin IV və VIII sinif şagirdləri Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı - TIMSS 2023-ün (Trends in International Mathematics and Science Study) sınaq mərhələsində iştirak edəcək. 4 ildən bir keçirilən tədqiqatın əsas mərhələsi 2023-cü ildə baş tutacaq. Tədqiqatın əsas məqsədi şagirdlərin nəticələri əsasında riyaziyyat və təbiət elmləri üzrə təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaqdır. Azərbaycan bu beynəlxalq qiymətləndirmə tədqiqatında kompüterəsaslı iştirak edəcək.
Qeyd edək ki, Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunması əsas məqsədlərdən biri kimi təyin edilib.