Təhsil Nazirliyi tərəfindən “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri arasında keçirilən “Qarabağı Birlikdə Quraq!” adlı ölkədaxili müsabiqə yekunlaşıb.
Müsabiqənin məqsədi şagirdlərdə alqoritmik, məntiqi və tənqidi düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırmaq, Qarabağın tarixi və bərpası məsələsinə diqqət çəkmək, Qarabağda aparılan quruculuq işlərini dünya və ölkə ictimaiyyətinə təqdim etməkdir.
Müsabiqə onlayn formatda “Minecraft” təhsil platforması üzərindən həyata keçirilib. “Virtual məktəb” hesabı olan hər bir şagird müsabiqəyə qoşularaq “Minecraft” təhsil platformasının geniş imkanlarından faydalanıblar.
Müsabiqənin şərtlərinə əsasən, şagirdlər ilk növbədə Qarabağın tarixi və mədəniyyəti ilə bağlı araşdırma aparıb, bu araşdırma əsasında işğal zamanı dağıdılmış tarixin və mədəniyyətin bərpası ilə bağlı öz “Minecraft” dünyalarını hazırlayıblar. Daha sonra yaradılmış dünyanın video çəkilişini müsabiqəyə təqdim ediblər.
Müsabiqəyə ümumilikdə 2000-dək şagird qoşulub və onlar tərəfindən 431 iş təqdim olunub.