11.12.2021

Sumqayıt şəhər Təhsil Şöbəsinin Şura iclası keçirilib

Dekabrın 11-də Sumqayıt şəhər Təhsil Şöbəsinin akt zalında Şöbənin Şura iclası keçirilib.

İclasda Sumqayıt şəhər Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları və məktəb direktorları iştirak edib.

Toplantıda 2020-2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticəsinin təhlili, Şöbənin əməkdaşları tərəfindən aparılan reydlər və digər məsələlər müzakirə edilib.

Toplantıda çıxış edən Şöbənin müdir müavini Ramin Abasov 2020/2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanlarında həm Respublika, həm də şəhərimiz üzrə yaxşı nəticə göstərən məktəbin Təbiət elmləri təmayüllü gimnaziya olduğunu bildirib. Həmçinin Texniki və təbiət elmləri liseyi, İstedad, Təfəkkür, 21, 11, 23, 30, 24, 35, 1 nömrəli məktəblər yaxşı nəticə göstərənlər arasında ilk onluqda qərarlaşıb.

Bununla yanaşı, xarici dil üzrə statistik nəticələrin zəif olduğu toplantı iştirkaçılarının nəzərinə çatdırılmış, həmçinin məsələ ilə bağlı mütəmadi Şöbə tərəfindən xarici dil üzrə monitorinqlərin aparıldığı qeyd edilib.

Digər fənlərdən aşağı nəticə göstərən məktəblərin nəticələri müzakirə edilib və müvafiq tövsiyələr verilib.

Daha sonra 24 və 25 noyabrda məktəblərdə aparılan reydlərin nəticələri təhlil olunmuşdur. Təhsil müəssisələrində əyani tədrisin təşkili vəziyyəti, məktəblərdə pandemiya qaydalarına riayət edilməsi, məktəb sənədlərinin yoxlanılması və davamiyyətin vəziyyəti ilə bağlı aparılan monitorinqlərin nəticələri haqda arayışı oxunub.

Məktəblərin əksəriyyətində pandemiya qaydalarına əməl edilməsi, müəllimlərin maskadan düzgün istifadə etməsi halları müşahidə edilib. Bəzi təhsil müəssisələrində dərsə davamiyyətin, eləcə də məktəb sənədlərin aparılması işinin zəif olduğu vurğulanıb.

Şöbənin müdiri Arzu Alızadə çıxış edərək məktəb sənədlərinin vaxtında işlənilməsi, həmçinin yuxarı siniflərdə davamiyyət göstəricilərinin yaxşılaşdırılması və təhsildə fasiləsizliyin təmin edilməsi barədə öz tövsiyə və tapşırıqlarını verib.

Müdir A.Alızadə Azərbaycanın bütövlüyü uğrunda şəhid, qazi olmuş əsgər və zabitlərimizin ailələrinin işlə təminatı məsələsinin xüsusi diqqətdə saxlanmasını iştirakçıların nəzərinə çatdırıb. Daha sonra Respublika fənn olimpiadalarında iştirak edəcək istedadlı şagirdlərin müəyyən edilməsi, onlarla işin təşkili ilə bağlı məktəbdaxili müsabiqələrin təşkil edilməsininin mühüm rolunu vurğulayıb.

Həmçinin əyani tədrsin davam etməsi üçün təhsil işçilərinin vaksinasiya prosesinin zəruriliyi, təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün bu prosesdə aktiv iştirak etməsi bir daha qeyd edilmişdir.

Şura iclasında növbəti müzakirə edilən məsələ Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun keçirilən monitorinqlərin nəticələrinin təhlili olmuşdur. Nəticəyə əsasən, şəhərimiz üzrə 6 məktəb xüsusi karantin rejiminin qaydalarına tam əməl etmiş, digər məktəblər qənaətbəxş, bəziləri isə qismən qənatbəxş hesab olunmuşdur.

Sonda direktorları maraqlandıran çoxsaylı suallar cavablandırılıb və məktəb rəhbərlərinə müvafiq tapşırıqlar verilib.