08.11.2021

Vətən müharibəsində döyüşən təhsil işçiləri

"Zəfər Günü" müzün ildönümündə onları yada salmaya bilməzdik. Digər yüzlərlə həmkarları kimi onlar da əlinə silah alıb ön cəbhədə döyüşçüyə çevrildi.

Orxan Zülfüqar oğlu Quliyev 1989-cu ilin 25 oktyabrında Sumqayıt şəhərində anadan olub.

2008-ci il C.Naxçivanski adına hərbi liseyi, 2012-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi, bir il sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzini bitirib.

Hal-hazırda Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlıq müəllimi kimi fəaliyyət göstərən Orxan Quliyev döyüş yoluna 2020-ci ilin 27 sentyabrında Talış istiqamətində başlayıb. Daha sonra Ağdam, Xocavənd, Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Müəllim O.Quliyev Xocavəndin "Qırmızbazar" məntəqəsi və "Şeher" kəndini düşmən qüvvələrindən azad edərkən yaşadığı o məğrur, qürur hissi, vətənə olan sevgisi bir daha onların keçdikləri şərəfli döyüş yolunu bizlərə xatırladır.

O, "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

Haqqında bəhs edəcəyimiz digər təhsil işçimiz Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlıq müəllimi Nemət Məmmədovdur. O, 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. 1992 ci ildə orta məktəbi bitirən N.Məmmədov 25 sentyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüşə başlayıb. Hadrut, Füzuli, Xocəvənd Şuşa, Laçın rayonları uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib.

Könüllü olaraq II Qarabağ müharibəsi zamanı ordu sıralarına yazılan Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Abbasxan Abbaszadə 1992-ci ildə Füzuli rayonunda anadan olub. Tərtər, Ağdərə istiqmətində gedən döyüşlərdə iştirak etmişdir.

Öz vətəninə, yurduna dərin məhəbbətlə bağlı olan Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin gözətçisi Anar Şəfiyev 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut, Xocəvənd rayonu istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib.

"Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən xüsusi əməliyyatlarda iştirakına görə" fəxri fərmanları ilə təltif olunub.

Vətən müharibəsində döyüşən Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbin gözətçisi Sərxanov Orxan Elxan oğlu 1991-ci ilin 15 oktyabrında anadan olub. Beyləqan, Füzuli, Ağcabədi rayonu istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib.

Zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə olan sevgisini, bağlılğını, həmçinin I və II Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın Vətənini canlarından əziz tutduğunu nümayiş etdirdi.

Qarabağ bizimdir!


Açar sözlər: ,