04.11.2021

“Sizə Zəfər məktubu var”

03.11.2021-ci il tarixində Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərpoçt MMC-nin Sumqayıt Poçt Filialı, 31 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Sizə Zəfər məktubu var” adlı layihəyə start verilib.

Layihənin məqsədi Zəfər günü ilə əlaqədar olaraq şanlı ordumuzun əsgərlərinə, müharibə iştirakçılarına, qazilərə təbrik məktubu yazmaq, vətənpərvər ruhunda gənclər yetişdirmək, həmçinin ölkəmizə layiqli vətəndaş, şəxsiyyət formalaşdırmaqdır. Bu proses həm də şagirdlərdə yazı, ünsiyyət kompetensiyalarının formalaşmasına yardım edəcək.

Adıçəkilən layihədə şəhərimiz üzrə 31 nömrəli tam orta məktəblə yanaşı, Təfəkkür liseyi, 2, 21, 29, 35, eləcə də Qubadlı rayon H.Quliyev adına texniki fənlər təmayüllü Çaytumas məktəb-liseyi də iştirak edir.

Layihə 1 ay boyunca davam edəcək. Şagirdlər hazırladıqları məktublarında Vətən müharibəsində parlaq Qələbə çalan Azərbaycanın Şanlı ordusuna minnətdarlığını bildiriblər. Zəfər gününə qədər məktubların ünvana çatdırılması Azərpoçt MMC-nin Sumqayıt Poçt Filialının poçtalyonları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, layihənin rəhbəri 31 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Arzu İmanova və 29 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Quliyevadır. İdeya müəllifləri isə müəllim Arzu İmanova və Xəyalə Quliyeva,  Azərpoçt MMC-nin Sumqayıt Poçt Filialının rəis əvəzi Ədalət Əsgərov, həmçinin Azərpoçt MMC-nin Sumqayıt Poçt Filialının keçmiş rəisi Camal Sadıqovdur.

Qeyd edək ki, məktublaşma prosesinə layihə rəhbəri, eləcə də Azərpoçt MMC-nin Sumqayıt Poçt Filialı nəzarət edəcəkdir.


Açar sözlər: ,  ,