11-13 oktyabr tarixlərində eTwinning layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimləri üçün “Media savadlılığı və dezinformasiya” mövzusunda seminar keçirilib.
Seminarda 7 müəllimimiz: Sumqayıt şəhər 1, 26, 39 nömrəli tam orta məktəblərin, həmçinin Təbiət elmləri təmayüllü gimnaziya və Təfəkkür liseyinin müəllimləri iştirak edib.
Seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Vüsal Xanlarov layihə haqqında məlumat verib. O bildirib ki, ölkəmiz 2013-cü ildən etibarən "eTwinning Plus" layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Həmçinin V.Xanlarov qeyd edib ki, layihənin Türkiyə ilə birlikdə icra olunması xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə Türkiyə Milli Təhsil Nazirliyinin nümayəndəsi Mustafa Hakan Bücük bildirib ki, təşkil olunan “Media savadlılığı və dezinformasiya” mövzusunda ikitərəfli seminara Türkiyədən 34 məktəb müəllimi qoşulub. O, seminarın Azərbaycan və Türkiyə müəllimləri arasında əməkdaşlığı daha da möhkəmlədirəcəyini qeyd edib.
Tədbirin sonunda iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.