5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsinə həsr olunmuş sərgiyə baxış keçiriblər. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edərək, onlara xoş arzularını çatdırıb, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb.
Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə çıxışında müəllimləri peşə bayramı ilə əlaqədar təbrik edərək bu peşənin şərəfli və məsuliyyətli olduğunu vurğulayıb. Həmçinin qeyd edilib ki, Vətən müharibəsində 20 nəfər təhsil işçisi şəhid olub. Arzu Alızadə çıxışının sonunda təhsil sahəsində müəllimlərə müvəffəqiyyətlər arzu edib.
Qeyd edilib ki, 2020-2021-ci tədris ilində Sumqayıt şəhəri ümumtəhsil məktəblərinin XI siniflərini 2920 nəfər məzun başa vurub. Qəbul imtahanlarında iştirak edən 2475 məzundan 1794 nəfəri, yəni abituriyentlərin 72%-i ali məktəblərə qəbul olunub.Onlardan 150 nəfəri 600-dən çox bal toplamışdır ki, bu da ötən illə müqayisədə 31 nəfər çoxdur. O cümlədən, 650-dən çox bal toplayanların sayı 40 nəfər olmuşdur.
Vurğulanıb ki, ötən illə müqayisədə bu il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq nişanla təltif olunan məzunlarımızın sayı da xeyli artıb. Belə ki, builki məzunlarımızın 22 nəfəri nişanla təltif olunub, onlardan 17 nəfəri qızıl, 5 nəfəri isə gümüş nişana layiq görülüb.
Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.