01.09.2021

KOİCA təlimində müəllimlərimizin uğurları

Avqustun 18-də “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün təşkil olunan təlimlərin beynəlxalq sertifikatları təqdim olunub.

Qeyd edək ki, Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramına 35 nəfər iştirak hüququ qazanıb. Onlardan biri Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Dünyamalıyevadır. O, bu təlimdən 2 sertifikat qazanıb.

Onlardan biri təlim çərçivəsində hazırladığı nümunəvi dərsə, digəri isə iştirakına görədir.

Digər uğur qazanan müəllimimiz isə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Könül Qafarovadır. O, Təhsil Nazirliyi nəzdində Koreyanın KOİCA təşkilatının birgə əməkdaşlığı ilə yaradılacaq platforma üçün videoçəkilişlərin və çəkilişlərdə istifadə ediləcək mövzuların hazırlanmasında iştirak etmişdir.

İştirakçılar təlimdə onlayn təhsil üçün tədris strategiyası və təlim proqramlarının yazılması, hekayə lövhəsinin hazırlanması və dizaynı, video dərslərin çəkilişi və montaj olunması kimi nəzəri və praktik biliklərə yiyələniblər. Təlim proqramını uğurla bitirən və beynəlxalq sertifikat əldə edən təhsil işçiləri təlimdə qazanılan biliklər əsasında elektron məzmunların yaradılmasında iştirak edəcəklər.

Xatırladaq ki, təlimlər Azərbaycanda ARTİ və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə dəstəyi ilə keçirilib.


Açar sözlər: ,