20 sentyabr 2021-ci il tarixində Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin yeni tiklimiş tədris binasının açılış mərasimi keçirilib. Açılışda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Təhsil nazirinin müavini Firudun Qurbanov, Sumqayıt Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, eləcə də Vətən müharibəsi qazisi Kənan Həsənov və şəhid Əlizamin Mustafalının anası Ülviyyə xanım, məktəbin direktoru və 25 müəllimi iştirak edib.
Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra “Heydər Əliyev” mərkəzi ilə tanış olublar.
Açılış mərasimində giriş nitqi ilə çıxış edən icra başçısı Zakir Fərəcov qonaqları salamlayaraq 1 nömrəli tam orta məktəbin yeni binasının açılışı ilə bağlı rəhbərlik və pedaqoji heyətə təbriklərini çatdırıb. Sumqayıt təhsilinin uğurlarından bəhs edərək, 2020-2021-ci tədris ilində əldə edilən yüksək nəticəni iştirakçıların nəzərinə çatdırıb. 1947-ci ildə əsası qoyulan məktəbin şəhərimizin ilk tikilən təhsil müəssisələrdən biri olduğunu diqqətə çatdırıb. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Qələbədən bəhs edən başçı Zakir Fərəcov öz çıxışında şəhid və qazi olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir daha yad edib, şəhid ailələrinə başsağlığı diləyib. Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və hörməti vurğulayıb.
Daha sonra çıxış edən Təhsil nazirinin müavini Firudun Qurbanov son illərdə məktəb inrastrukturunun yenilənməsində dövlətin diqqət və qayğısından söz açıb. Həmçinin Sumayıt təhsilinin nailiyyətlərini vurğulayaraq II Qarabağ müharibəsi zamanı şəhid olmuş əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqdan və bütün bunların gənclərin vətənpərvərlik ruhunda yetişməsində nümunəvi rolundan bəhs edib.
Sonda Şəhid Əlizamin Mustafalının anası Ülviyyə xanım çıxış edərək, Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlar və onların ailəsinə ayrılan diqqətə görə cənab Prezidentə təşəkkür edib.
Qeyd edək ki, 1 nömrəli tam orta məktəbdə 112 nəfər pedaqoji işçi fəaliyyət göstərir. 73 nəfərdən ibarət ümumi təhsil müəssisəsində 9 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, 2 məktəbəhazırlıq otağı, 390 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək və bu ilki tədris ilində 2500-ə yaxın şagird təhsil alacaq.