14 sentyabr 2021-ci il tarixində 2021-2022-ci tədris ili üzrə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında təhsil işçilərinin ənənəvi Sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, 5 rayon və 1 şəhərin- Qubadlı, Şuşa, Zəngilan. Xızı, Abşeron, Sumqayıt təhsil şöbəsinin müdirləri, məsləhətçiləri və metodkabinetin direktorları, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və müavini, eləcə də qeyd edilən şəhər və rayon məktəblərinin direktoru və müəllimləri iştirak edib.
Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin məbədini ziyarət ediblər. Daha sonra Dövlət Himni səsləndirilib. Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Konfrası Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov açaraq gələn qonaqları salamlayıb. Çıxışında Vətən müharibəsi qəhrəmanlarından söz açaraq əldə edilən Qələbənin gənclərin vətənpərvərlik ruhunda yetişməsində önəmli rolundan bəhs edib.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov öz hesabat xarakterli nitqində 5 rayon və 1 təhsil şöbəsinin ötən tədris ili ilə bağlı işləri ilə bağlı geniş çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Vətən müharibəsi iştirakçısı, 33 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Orxan Quliyev Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən, keçdiyi döyüş yollarından, şəhid və qazi olmuş əsgər, zabitlərimizdən bəhs edib.
Digər çıxış edən 25 nömrəli tam orta məktəbin fəal, bacarıqlı ibtidai sinif müəllimi Sevinc Əsədova üzvü olduğu Gənc Müəllimlər Assosiyası, beynəlxalq layihələr, eləcə də etwinning platforması haqda əsas məqamları vurğulayıb.
Daha sonra Təhsil İnsitutunun nümayəndəsi Aysel Qasımova məktəblərdə psixo-sosial dəstəyin önəmini vurğulayaraq, inkluziv siniflərinin sayının artmasının əhəmiyyətindən bəhs edib.
Məktəb direktorları çıxış edərək keçən tədris ili üzrə əldə olunan uğurlar haqda məlumat veriblər.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar Fərzəli Qədirov tərəfindən dolğun şəkildə cavablandırılıb.