Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə Şəhid general-mayor Polad Həşimovun xatirə muzeyinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, birinci müavini Teymur Səmədov, millət vəkilləri, hüquq-mühafizə orqanları, Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və şəhid general-mayor Polad Həşimovun ailə üzvləri, döyüş yoldaşları, eləcə də digər qonaqlar iştirak edib.
Şagirdlər açılış mərasimindən öncə ədəbi-bədii kompozisiya nümayiş ediblər. Daha sonra general-mayor Polad Həşimovun məktəbin foyesində ucadılan büstünün açılışı həyata keçirilib. Həmçinin xatirə muzeyinin rəmzi açılışını bildirən lent kəsilib. Qonaqlar muzeydə şəhid Polad Həşimovun uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid fotolarla, eləcə də şəxsi əşyaları və sənədlərin sürətləri, kitabları ilə tanış olublar.
Tədbirdə şəhid Polad Həşimovun döyüş xatirələrindən, həmçinin 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən danışılıb. Bildirilib ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətində şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Milli Qəhrəman general-mayor Polad Həşimov Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə təhsil alıb.