Sumqayıt şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin bir qismində şagirdlər üçün “Yay məktəbi” çərçivəsində ekskursiyalar, muzey dərsləri və digər öyrədici fəaliyyətlər təşkil olunub.
Məktəblilər Hərbi Qənimətlər Parkına, Şəhidlər Xiyabanına, qədim tarixi abidəmiz Şirvanşahlar Sarayı kompleksinə ekskursiya ediblər. Onlar Hərbi Qənimətlər Parkında 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qazandığı Qələbədə əldə olunan qənimətlərlə yaxından tanış olublar. Həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsini yad ediblər.
3 nömrəli tam orta məktəb və Təfəkkür liseyinin ibtidai sinif müəllimləri Sevinc Əhmədova və Aygün Səfərli açıq havada “Yay məktəbi” məşğələlərini əylənərək öyrətmək üçün şagirdlərin iştirak etdiyi maraqlı oyunlar təşkil ediblər.
11 nömrəli tam orta məktəbdə isə IX sinif şagirdləri sinif rəhbəri Elnarə Qurbanzadənin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr olunmuş “Zəfər pərləri” sənədli filmini izləyiblər.
Sumqayıt Tarix muzeyini, eləcə də Qobustan Milli-Tarix Bədii Qoruğu ziyarət edən məktəblilər burada müxtəlif eksponat, həmçinin qayaüstü təsvirlər, qədim və orta əsrlər tarixinə aid olan yazılar həkk olunmuş abidlərlə tanış olublar. Onlara Qobustanın minilliklər ərzində dəyişən təbiət aləmi, qədim yaşayış məskənləri haqda məlumat verilib.
Xatırladaq ki, 16-30 iyun tarixlərini əhatə edən “Yay məktəb” i ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər həyata keçirilir.