Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin təşkilatçılığı ilə keçirilən “Yolunuzu bizdən salın!” adlı onlayn respublika müsabiqəsində qalib gələn şagirdlərin mükafatlandırma mərasimi keçirilib.
Tədbir xüsusi karantin rejiminin müvafiq qaydalarına uyğun olaraq keçirilib.
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutan tədbirdə Baş Dövlət Yol Polisi İdarəsi, Sumqayıt şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin nümayəndələri, o cümlədən şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev yol hərəkəti qaydalarının öyrənilməsi və nəqliyyat vasitələri, həmçinin piyadaların təhlükəsizliyinin təmin edilməsi sahəsində bu cür maarifləndirici müsabiqələrin keçirilməsinin vacibliyini vurğulayıb. Digər çıxış edən qonaqlar həm şəhərimizdə, həm də digər bölgələrdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işinin əhəmiyyətindən danışıb, bu istiqamətdə dərnəklərin açılmasının mühüm olduğunu qeyd ediblər.
Görüşdə Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin yol hərəkətinin təhlükəsizliyi ilə bağlı apardığı maarifləndirmə işi yüksək qiymətləndirilib və belə müsabiqələrin davamlı keçirilməsi nəzərdə tutulub.
Şagirdlər adıçəkilən mövzu ilə bağlı maraqlı kompozisiya ilə çıxış ediblər.
Sonda müsabiqənin qalibləri polis polkovnik leytenantı N. Piriyev tərəfindən diplomla və medallarla təltif edilib.