Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq “Yolunuzu bizdən salın!” mövzusunda onlayn müsabiqə keçirilib. Yarışmaya müxtəlif bölgələrdən şagirdlər qatılıb.
Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlandırmaq və onların bu sahəyə olan marağını artırmaqdır.
Müsabiqədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Kamran Məmmədov, Mingəçevir şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Xətai Məmmədov, Qazax rayon Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Vüqar Məmmədov, Qubadlı rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Təbriz Şamxalov, Qusar rayon Dövlət Yol Polisi İdarəsinin polis mayoru Natiq Müzəffərov, Göygöl rayon Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Fariz Əliyev, Şirvan şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Sadiq Əliyev, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və rayon uşaq-gənclər inkişaf mərkəzlərinin əməkdaşları, müəllimlər və valideynlər iştirak edib.
Münsiflər heyəti qismində isə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsininin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova iştirak edib.
Respublika üzrə keçirilən onlayn müsabiqəyə ümumilikdə 250 uşağı əhatə edən 47 rayonun uşaq-gənclər inkişaf mərkəzləri qatılıb. Onlardan Oğuz, Şuşa, Ucar, Tovuz, Salyan rayon uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları III yerə, Gəncə şəhər, Quba, Yevlax, Samux, Balakən rayon uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları II yerə, Qusar, Şirvan, Qazax, Göygöl, Qubadlı rayon uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları I yerə layiq görülüb.
I yerləri tutan, Qusar, Qubadlı, Göygöl, Qazax, Şirvan rayon və əvvəlki yarışlarda qalib olmuş Sumqayıt şəhər 1 nömrəli, Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri yenidən final mərhələsində görüşüb.
Yarış Sumqayıt şəhər 1 nömrəli, Mingəçevir şəhər, Qusar, Qubadlı, Göygöl, Qazax, Şirvan rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərindən təşkil olunmuş 7 komanda arasında 2 raundda keçirilib. Hər komanda 5 üzvdən ibarət olub. 35 şagirdin cəlb olunduğu yarışın I raundunda mövzu ilə bağlı rəsm çəkilib, II raundunda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri suallar vasitəsilə yoxlanılıb.
Final mərhələsinin nəticəsinə görə: I yerə Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, II yerə Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, III yerə Qusar rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi layiq görülüb.