May 5-də Gənc Müəllimlər Assosiasiyasının üzvü olan bir qrup gənc müəllimlərlə Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev və deputat Şahin Seyidzadənin iştirakı ilə görüş keçirilib.
Görüşdə ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində, inkişafinda, eləcə də müasir, vətənpərvər, savadlı gənclərin yetişdirilməsində böyük rolunun olduğu qeyd edilib. Həmçinin dövlət idarəetmə orqanlarında, təhsil müəssisələrində gənc mütəxəssislərə üstünlük verilməsi ulu öndərin gənclər ilə bağlı olan siyasətinin uğurlu nəticəsi kimi vurğulanıb.
Görüşdə çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev ulu öndər Heydər Əliyevin gənclər siyasətinin milli maraqlara, mənəvi dəyərlərə söykəndiyini və hər bir gəncin, fərdin Azərbaycan vətəndaşı kimi formalaşmasınıda onun mislisiz xidmətlərini olduğunu qeyd edib. Həmçinin iştirakçılar gənclərimizin Azərbaycanı həm ölkə daxilində, həm də xaricdə qürürla təmsil etdiklərini və onların qazandıqları uğurları nəzərə çatdırıblar. Müasir, bilikli, vətənpərvər gənclərin yetişdirilməsində müəllimlərin vacib rolu və onların bu sahədə üzərinə düşən öhdəliklər qeyd olunub.
Gənc Müəllimlər Assosiasiyasının üzvü olan bir qrup müəllimləri, həmçinin Sumqayıt şəhər 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aidə Ağayeva və 31 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Süsən Məmmədova gənc nəslin yetişdirilməsində xidmətlərinə görə Milli Məclisin Gənclər və İdman komitəsinin fəxri fərmanı ilə təltif olunublar.
Gənc müəllimlər görüşə görə təşəkkür edərək onlara verilən dəyər üçün minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Süsən Məmmədova 2019-cu ildə ölkə üzrə ilk dəfə Müəllimlərin İşə Qəbul Müsabiqəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə maksimal bal-60 bal toplayıb.