“Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı”na uyğun olaraq Sumqayıt məktəblərində şagirdlərə təbiətin və ətraf mühitin ekoloji tarazlığının qorunmasının əhəmiyyətini aşılamaq məqsədilə “Bərk məişət tullantılarının idarə edilməsi və çeşidlənməsi” mövzusunda onlayn maarifləndirici tədbirlər keçirilib.
Onlayn görüşdə Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşı, məktəblilər və müəllimlər iştirak edib.
Tədbir iştirakçıları ölkəmizin sürətli iqtisadi inkişafı nəticəsində məişət tullantılarının artdğını və yaşadığımız mühitə, ətraf aləmə ziyan vurduğunu söyləyiblər. Müəllimlər qonaqları ətraf mühiti qorumağa, onu təmiz saxlamağa və bu işdə məsuliyyətli olmağa çağırıblar. Həmçinin onlar ətraf mühitin ciddi çirklənməsinin qarşısının alınması üçün bu haqda qəbul edilən qanunlarının əhəmiyyətini vurğulayıblar.
Məktəblilər tərəfindən təhsilalanlar arasında bərk məişət tullantılarının idarə edilməsi sahəsində maarifləndirmə işinin gücləndirilməsi istiqamətində təbliğat məqsədilə qeyd edilən mövzuda məlumatlandırıcı videoçarxlar hazırlanıb. Onlar videolarda tullantılardan və lazımsız əşyalardan səmərəli istifadə edərək maraqlı əl işləri hazırlayıb və nümayiş ediblər.