"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində mart-aprel ayı ərzində Sumqayıt şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı maarifləndirmə tədbirləri keçirilib.
Tədbirin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsilə peşə təhsilinin əhəmiyyətini, rolunu göstərmək, eləcə də onların peşə və ixtisas seçiminə düzgün istiqamətləndirməkdir.
Onlayn keçirilən görüşdə Təhsil Şöbəsinin əməkdaşı, məktəb rəhbərliyi, müəllim və məktəb psixoloqları iştirak edib. Məktəb rəhbərliyi peşə təhsilinin gənclər arasında təbliğində təhsil müəssisələrində açılan peşə siniflərinin mühüm rolunu qeyd edib və bu sahədə maarifləndirmə işlərinin davam etdiyini bildirib.
Görüşdə müzakirə olunan məsələlərdən biri də düzgün peşə seçimi ilə bağlı olub. Çıxış edən müəllimlər məktəblilərə düzgün peşə və ixtisas seçimində valdeynin mühüm rolundan, şagirdin maraq göstərdiyi peşənin tələblərinə nə dərəcədə cavab verəcəyi və bu seçimin onların gələcək həyatında oynadığı vacib roldan danışıb. Daha sonra psixoloqlar yeniyetmə və gənclərin şəxsiyyətinin formalaşmasında özünüdərk və özünümüşahidə prosesinin əhəmiyyətini vurğulayıb və bu amillərin onların birbaşa peşə seçiminə təsirini qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.