21.04.2021

Vətən müharibəsi iştirakçıları ilə görüşlər davam edir

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində Sumqayıt şəhər Təhsil Şöbəsi və ümumtəhsil məktəblərinin birgə iştirakı ilə şəhid ailələri və qazilərlə onlayn görüş keçirilib.

Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin pedaqoji heyətinin təşkilatçılığı ilə  keçirilən, Milli Qəhrəman polkovnik Şükür Həmidovun xatirəsinə həsr edilmiş onlayn görüşdə şəhidin atası uzun müddət Azərbaycan təhsilinə xidmət etmiş Nəriman Həmidov da iştirak edib.

Məktəblilər Milli Qəhrəman Şükür Həmidov haqda hazırladıqları təqdimatda onun keçdiyi şərəfli həyat yolundan, Aprel döyüşlərində iştirakı, 44 günlük Vətən müharibəsində Qubadlı, Füzuli, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlq haqda məlumat veriblər. Həmçinin şəhidin atası N.Həmidov oğlunun keçdiyi döyüş yolu haqda tədbir iştirakçılarını maraqlandıran sualları fəxr və qürur hissi ilə cavablandırıb.

Növbəti onlayn görüş 40 nömrəli tam orta məktəbin təşəbbüsü ilə baş tutub. Gənclərin çağırışaqədərki hazırlıq müəllimi, eləcə də şagirdlər ilə keçirilən tədbirdə qazi Həmidov Mahur və İsmayılov Şahin iştirak edib. Məktəblilər Vətən müharibəsi iştirakçılarına suallar ünvanlayıblar. Qonaqlar keçdikləri qürurlu döyüş yolundan bəhs edib, eləcə də müharibə xatirələrini iştirakçılarla bölüşüblər.


Açar sözlər: ,  ,