Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə gənc nəsilə vətənpərvərlik hislərinin aşılanması məqsədilə ‘Dəmir yumruq’ adlı onlayn dəyirmi masa keçirilib.
Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşı, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru, Mərkəzin dərnək rəhbərləri və üzvləri , eləcə də Vətən müharibəsində qəhrəmancasına döyüşən qazilərimiz- Ramil Rəcəbli, Alxasov Camal, Qorxmaz Abdulrəşidov iştirak edib.
Onlayn görüşdə əvvəlcə Qarabağ torpağının mənfur düşmən qüvvələri tərəfindən işğal edilməsi tarixi, daha sonra 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi haqda məlumat verilib.
Tədbir zamanı dərnək üzvləri Vətən müharibəsi iştirakçılarına qeyd edilən mövzu ilə bağlı müxtəlif suallar ünvanlayıblar. Qonaqlar keçdikləri şərəfli döyüş yolundan danışıb, həmçinin Vətən müharibəsi xatirələrini iştirkaçılarla bölüşüblər.
Dəyirmi masada şagirdlərin ifasında ‘Xudayar təsnifi’ ifa olunub və şəhid Xudayar Yusifzadənin həyat yolu haqda məlumat verilib. Həmçinin dərnək üzvləri Vətən müharibəsi ilə bağlı şeirlər və musiqilər səsləndirib.
Sonda Mərkəzin direktoru Əntiqə Rzayeva çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid, qazi olmuş əsgər və zabitlərimizlə belə görüşlərin keçirilməsinin böyüməkdə olan gənc nəslin vətəpərvərlik tərbiyəsində mühüm rolu olduğunu qeyd edib. Həmçinin o, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyətini vurğulayıb və tədbir iştirakçılarına görüşdə fəal iştirakına görə təşəkkür edib.