13.04.2021

“Aşıq Ələsgər irsi” adlı onlayn saz müsabiqəsi 

Məlum olduğu kimi, 2021-ci il qüdrətli sənətkar, aşıq sənətinin görkəmli nümayəndəsi şair Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin tamam olduğu ildir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Sumqayıt şəhər Təhsil Şöbəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt məktəbləri, musiqi kollecləri, eləcə də Respublika üzrə fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Aşıq Ələsgər irsi” adlı onlayn saz müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclər arasında aşıq sənətinin aşılanması, bu sənət üzrə gənc istedadların üzə çıxarılması, eləcə də Aşıq Ələsgərin zəngin poetik irsinin təbliğinin davam etdirilməsidir.

Onlayn keçirilən müsabiqəyə 9 bölgədən-Yevlax, Gədəbəy, Zaqatala, Tərtər, Qazax, Şəmkir, Salyan, Şəki, Ağstafa, eləcə də Bakı şəhərindən Gənclərin Respublika Bədii Yaraıclıq Evinin dərnək üzvləri iştirak edib.

İki mərhələdən ibarət olan müsabiqəyə dərnək üzvləri videoçarxlar hazırlayaraq qatılıblar. Birinci mərhələdə videoroliklər qəbul edilib, növbəti mərhələdə isə şagirdlərin tutacağı yerlər təyin edilib.

Sonda dərnək üzvləri arasından qaliblər seçilib. 9-13 yaş qrupu üzrə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəb 1-ci yerin qalibi olub. 19-23 yaş qrupu üzrə 1-ci yerə isə Gənclərin Respublika Bədii Yaraıclıq Evinin üzvü layiq görülüb. Bununla yanaşı, bütün iştirakçılar müsabiqədə fəal iştirakına görə diplomla təltif olunub.