28.03.2021

Biologiya fənni üzrə məktəblilər Qarabağın flora və faunası haqda videoçarxlar hazırlayıblar

Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş “Qələbə dərsləri” silsiləsinə uyğun olaraq Sumqayıt məktəbliləri biologiya fənni üzrə "Qarabağ və ətraf ərazilərdə törədilən ekoloji terror", "Milli sərvətlərimizə qarşı ekoloji terror", "Qarabağın cins atları", "İşğaldan azad edilmiş torpaqlarımızın ekoloji terrora məruz qalması" mövzularında videoçarxlar hazırlayıblar.

Videoçarxlarda 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş rayon və şəhərlərimizə ermənilər tərəfindən vurulan həm maddi, həm də mənəvi zərərlər, milli sərvətlərimizin talan edilməsi, Qarabağ torpağının flora və faunasının məhv edilməsi geniş təsvir edilib. Həmçinin qeyd edilən videolarda XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi bu ərazilərdə flora və faunanın bir çox növlərinin məhvinə gətirib çıxarması, eləcə də işğal yolu ilə bu torpaqların qiymətli ağac növlərinin Ermənistana daşınması, Qarabağ və ətrafında yanğın törədilməsi və meşə örtüyünün məhv edilməsi də öz əksini tapıb.

Şagirdlər Azərbaycanın ən qədim və səfalı guşələrindən biri olan Qarabağın qiymətli cins atları, milli sərvətləri, zəngin təbiət və bitki aləmi, təkrarolunmaz iqlimi eləcə də Qubadlı Dövlət Təbiət Yasaqlığı, Laçın Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Daşaltı Dövlət Təbiət Yasaqlığı və digər ərazilərdə yaradılan qoruq və yasaqlıq haqda geniş məlumat veriblər. Həmçinin  videoçarxlarda Xarıbülbül, Şərq çinarı,Qonur ayı, meşəpişiyi, eləcə də digər bitki və heyvanlar barəsində məlumatlar diqqətə çatdırılıb.

 


Açar sözlər: ,  ,