Sumqayıt Şəhər Təhsil Şöbəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və təbliği" mövzusunda onlayn dəyirmi masa keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşı, mərkəzin direktoru, müəllimləri ilə yanaşı Əməkdar Mədəniyyət işçisi, Rəssamlar İttifaqının üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü, xalçaçı rəssam Fazil Abbasquluzadə də iştirak edib.
Onlayn dəyirimi masada Azərbaycanda xalçaçılığın tarixi, müasir dövrümüzdə vəziyyəti, əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin bərpası və inkişaf etdirilməsi, eləcə də Bakı, Şirvan, Qarabağ, Gəncə ,Qazax, Quba, Təbriz xalçaçılıq məktəbləri və onların tarixi haqda məlumat verilib, eləcə də zərif naxışlı və ornamentli xalçalar nümayiş etdirilib.
Tədbir iştirakçıları çox qədim tarixə malik olan xalçaçılıq sənətinin izlərinə hələ eramızıdan əvvəlki dövrlərdə rast gəlindiyini, həmçinin bu sənət haqda əfsanələr, atalar sözlərinin dildən-dilə keçdiyini vurğulayıb. Dünya mədəniyyəti içərisində özünəməxsus yeri olan Azərbaycan xalçaçılıq sənətinin ənənəsinin yaşadılması və qorunması sahəsində görülən işlərdən, həmçinin 1967-ci ildə yaradılan Xalça və Tətbiqi Sənət Muzeyindən danışılıb. Azərbaycan xalçalarının nəinki ölkə daxilində, eləcə də dünya ölkələrinin sərgilərində nümayiş etdirilməsindən söz açılıb. Həmçinin müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçalarının UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilməsi qeyd edilib.
Sonda mövzu ilə əlaqədar iştirkaçıları maraqlandıran suallar cavablandırılıb.