03.03.2021

Əyani tədrisin təşkili ilə əlaqədar monitorinqlər davam edir

Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşları növbəti dəfə əyani tədrisin təşkili vəziyyətinin yoxlanılması məqsədilə 16-19 fevral tarixlərində ümumi təhsil məktəblərində monitorinq aparıblar.

Belə ki, həm ibtidai, həm də yuxarı siniflərdə dərs prosesi izlənilib, sosial məsafənin gözlənilməsi, sanitar-epidemioloji tələblərə riayət edilməsi, həmçinin əyani tədris prosesi zamanı təhsilverən və təhsilalanlara dair tələblərin yerinə yetirilməsi vəziyyəti əməkdaşlar tərəfindən yoxlanılıb.

Monitorinqlər zamanı müəyyən olunub ki, məktəblərdə sinif otaqları müvafiq qaydalara uyğun təchiz olunmuş, otaqlarda partalararası məsafə 1,5 metrdir. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq müəllim və şagirdlərin təhsil müəssisələrinə daxil olan zaman hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur. Həmçinin məktəb dezinfeksiyaedici maddələrlə təmin edilib, sinif otaqlarında mövcud vəziyyətlə əlaqədar maarifləndirici plakatlardan istifadə olunub. Məktəblərdə tədrisin mövcud qaydalarına uyğun olaraq izolyasiya otaqları, eləcə də qeydiyyat dəftəri ayrılıb. Yoxlama zamanı bəzi müəllimlərin üz sipərindən istifadə etməməsi kimi hallar müşahidə olunub, məsələ ilə bağlı məktəb rəhbərliyinə irad bildirilib və göstərilən çatışmazlıq dərhal aradan qaldırılıb.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” na uyğun olaraq təşkil edilir.

      Bütün bunlar- əyani tədris prosesinin təşkili istiqamətində atılan yeni addımlar şagird, eləcə də valideynlərdə inam və əminlik hissini artırır, müəllimlərlə canlı ünsiyyət məktəblilərin dərs prosesinə olan marağının daha da artmasına səbəb olur.


Açar sözlər: ,  ,