08.02.2021

Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi əyani tədrisin təşkili ilə tanış olub

Sumqayıt şəhər ümumi təhsil məktəblərində əyani tədrisin təşkili vəziyyətinin yoxlanılması məqsədilə monitorinqlər təşkil olunub. Belə ki, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və müavini Ramin Abasov məktəblərdə pandemiya şəraitində ibtidai sinif və məktəbəhazırlıq qruplarında əyani tədris prosesinin müvafiq qaydalara uyğun təşkil olunması, eləcə də məktəblərdə sanitar-epidemioloji vəziyyət ilə yaxından tanış olublar.

Qeyd edək ki, Sumqayıtda ibtidai siniflərdə əyani təhsil 3 dəfə, məktəbəhazırlıq qruplarında isə həftədə 2 dəfə təşkil olunur.

Məktəblərdə şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud vəziyyətlə əlaqədar olaraq müəllim, şagird və digər işçilərin hərarəti ölçülür, sosial məsafənin qorunması təmin olunur. Sinif otaqlarında 1,5 metr məsafə gözlənilir.

Sumqayıt şəhər ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin müvəqqəti Qaydaları” na uyğun olaraq təşkil edilir. Məktəblərdə şagird, müəllim və işçi heyətini koronavirus infeksiyasına qarşı qorumaq üçün müvafiq qaydalara ciddi əməl edilir və bu qaydaların icrası ilə əlaqədar monitorinqlər aparılır.

 

 


Açar sözlər: ,  ,