Sumqayıt şəhər ümumtəhsil məktəblərində Azərbaycan tarixində mühüm rolu və özünəməxsus yeri olan ictimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar onlayn dərslər keçirilib.
Tədbirdə Nəriman Nərimanovun həyat və yaradıcılığı, eləcə də Azərbaycan tarixində rolu haqda geniş məlumat verilib.
Onlayn keçirilən dərslərdə yazıçının ictimai-siyasi fəaliyyəti, həmçinin Azərbaycan SSRİ-sində hakmiyyətdə olduğu müddətdə Azərbaycan xalqının adət-ənənələrinin, dini və ənənəvi bayramların, eləcə də milli birliyinin qorunub saxlanılması barəsində fikirlər diqqətə çatdırılıb. Onun dövlətçilik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi haqda məlumatlar verilib. Bakı şəhərində ilk kütləvi qiraətxananın açılması, Azərbaycan xalqının maarifləndirilməsi sahəsində gördüyü işlər vurğulanıb.
Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin və milli romanın banisi olması, çoxşaxəli ədəbi fəaliyyəti haqda fikirlər söylənilib. Sonda şagirdlər yazıçı-dramaturq N.Nərimanovun müxtəlif mövzularda yazılan dram əsərlərini səsləndirliblər.