2019-2020-ci dərs ili üçün Respublika fənn olimpiadalarına hazırlıq, eləcə də olimpiadaların şəhər turunun təşkili məqsədi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə əmr imzalayıb.
Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə müvafiq elm sahələrinə marağı artırmaq, xüsusi akademik istedadı, məntiqi və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təmin etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, ölkəmizin müxtəlif bölgələrindən olan şagirdlər arasında elmi, sosial və mədəni əlaqələrin qurulması, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.
Fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Fənlər üzrə tapşırıqlar azərbaycan və rus dillərində hazırlanır. Fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri, 9-cu siniflərin olimpiada hazırlıq proqramı əsasında olimpiadalara cəlb olunurlar.
Fənn olimpiadaları 2 (iki) mərhələdən – rayon (şəhər) və respublika mərhələlərindən ibarətdir. Respublika mərhələsi öz növbəsində iki turdan - yarımfinal və finaldan ibarət olmaqla keçirilir.
Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi siniflər üzrə, respublika mərhələsinin yarımfinal və final turu isə yaş qrupları ( aşağı yaş qrupu – VIII və IX siniflər, yuxarı yaş qrupu – X və XI siniflər) üzrə keçirilir.
Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi haqqında əmr
2019-2020-ci dərs ili üçün Respublika fənn olimpiadalarının müvafiq fənlərə uyğun proqramı