Mayın 21-də Abşeron rayonu Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyublar.
Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində həyata keçirilən mühüm layihə və tədbirlərdən söz açıb. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən işləri diqqətə çatdıran nazir müavini həmçinin qarşıda duran hədəfləri sadalayıb.
Qeyd olunub ki, aparılan islahatlar, təsdiq olunan proqramlar, icra olunan layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir. Təhsil alanların səriştəyə yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyələrinin artırılması üçün həyata keçirilən təlimlər, yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir.
Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə tövsiyələr verib, onlara uğurlar arzulayıb.
Daha sonra Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.
Hesabatlar dinlənildikdən sonra fikir mübadilələri aparılıb, təkliflər dinlənilib. Təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.