04.04.2019

Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.

Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsinə 574 şagird vəsiqə qazanıb.

Yarımfinal turunun nəticələri və finalda iştirak edəcək şagirdləri adlı siyahısı www.olimpiada.edu.az saytında yerləşdirilib.

Respublika fənn olimpiadalarının final turunda yarımfinal turunun nəticələrinə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər iştirak etmək huququ qazanıblar.

Şagirdlərin nəticələri rayon (şəhər) təhsil şöbələrinə( idarələrinə) göndərilib. Olimpiada iştirakçıları nəticələrini oxuduqları məktəblərdən də əldə edə bilərlər.

Respublika fənn olimpiadalarının final turu may ayında keçiriləcək.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon(şəhər) mərhələsi fevralın 3-də keçirilib. Bilik yarışında 32 986 nəfər 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.


Açar sözlər: ,