Fevralın 3-də ölkənin bütün şəhər və rayonlarında, eləcə də Sumqayıt şəhərində 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib.
Bilik yarışmasında 9, 10, 11-ci, o cümlədən xüsusi istedada malik olan 8-ci sinif şagirdləri iştirak ediblər.
Fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat , riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.
Sumqayıt şəhərində olimpiadaların rayon (şəhər) mərhələsi 11 və 12 nömrəli tam orta məktəblər olmaqla iki mərkəzdə təşkil olunub.
Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.
Respublika fənn olimpiadalarında iştirak etmək üçün 32 986 şagird qeydiyyatdan keçib. Olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat (8203 nəfər), ən az şagird isə informatika (721 nəfər) fənlərindən qatılıb.
Sumqayıt şəhəri üzrə fənn olimpiadalarına mindən çox şagird qatılıb.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.