24.12.2018

Sumqayıt şəhərində "Bilik" festivalı layihəsi start götürdü.

    Dekabrın 23-də Sumqayıt Gənclər evində "Sumqayıt tələbələri" ictimai birliyi tərəfindən "Bilik" festivalı layihəsinin açılış mərasimi və "Xəmsə" müsabiqəsi keçirilib. Festivalın açılışında Sumqayıt şəhər təhsil işçiləri də qonaq qismində iştirak ediblər. Təhsil Şöbəsinin metodisti Cəmilə Fəyyaz çıxışında bilikli gənclərin üzə çıxarılması, onların fərdi inkişaflarına yardım edilməsinin vacib olduğunu qeyd edib.

    Layihə çərçivəsində keçirilən "Xəmsə" müsabiqəsində Sumqayıt şəhərinin 144 nəfər gənci iştirak edib. Müsabiqədə Sumqayıt şəhər ümumtəhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

    Müsabiqənin ümumi nəticələrinə görə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin "Generation" komandası 1-ci yer, Təbiət elmlər təmayüllü gimnaziyanın "Camelot" komandası 2-ci yer, Texniki və təbiət elmlər liseyinin "Excalibur" komandası isə 3-cü yerə layiq görülüblər.

    Sonda qaliblərə kubok, medal, fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub.